Mitra

Mitra (Avesta dilində: *Miθra*, qədim farsca: *Miça*) — Zərdüştlük dinində əhd, and və müqavilələrdən məsul olan ilahi varlıq (yazata). Müqavilələrə əməl olunmasına nəzarət etməklə yanaşı, onun hər şeyi görən, eləcə də həqiqətin, mal-qaranın, məhsulun və suyun mühafizi olduğuna inanılırdı.
Mithra Avesta dilində bir sözdür. Mitra İrani dillərdə (orta farsca, parfca və s.) *Mehr*, *Myhr* şəklini almış, farscaya مهر (*Mehr*), puşducaya لمر (*Lmar*), vəziristan ləhcəsinə ميېر (*Myer*) və ermənicəyə *Mihr/Mher* kimi keçmişdir.
E.ə. IV əsrdə Roma Respublikasında geniş yayılan və sonradan imperiya miqyasında populyarlaşan sirli Mitraizm dini öz mənbəyini İran və ya Zərdüştilik mənbələrindəki Mitradan götürür.Boyce, Mary. Zoroastrians: Their Religious Beliefs and Practices. Routledge. 2001. ISBN 978-0415239035.

Mitranın mi-it-ra- olaraq bilinən ilk yazılı qeydinə[1] Van gölünün cənubundakı Hurri krallığı olan Mitanni ilə Het dövləti arasında bağlanmış e.ə. 1400-cü il tarixli sülh müqaviləsində rast gəlinir. Burada o, digər dörd Hind-Ari ənənəsinə aid ilah ilə bərabər şahid və müqavilənin mühafizi kimi göstərilir. Daha sonra Vedaların ən qədim hissələrində görünən bu obraz son formasını Avestada almışdır. Günəş və günəş işığı ilə təsvir edilməklə yanaşı, dostluq, dürüstlük və yoldaşlıq kimi anlayışlarla da əlaqələndirilmişdir. Sanskrit dilində "dost", "yoldaş" mənasını verdiyi halda, Avestada "müqavilə", "razılaşma" mənasına gəlir.[2][3]
Yayılması
[redaktə | vikimətni redaktə et]Mitra tarixdə ilk dəfə qədim arilərə aid bir ilah olaraq meydana çıxmışdır. İranda "Mithra", Qərb dünyasına keçdikdə isə "Mithras" adını almışdır. Qərbdə adının sonuna əlavə olunan "-s" şəkilçisi ilə birlikdə sirli, mistik bir kult halına gəlmişdir. Onun İran və Hindistandakı nüfuzu əvvəlcə Anadoluya, daha sonra isə Mesopotamiya və Avropaya yayılmışdır. Bu kultun yayılmasında gəzən kahin sinfi olan maqların böyük rolu olmuşdur. Zərdüşt monoteizmi müdafiə edərkən Mitranı rədd etsə də, maqlar Mitra pərəstişini yaşatmağa davam etmişdirlər. Mitra Zərdüştdən sonrakı dövrlərdə daha güclü şəkildə yenidən meydana çıxmış və onun da Ahura Mazda tərəfindən yaradıldığına inanılmışdır. Onun İranda qazandığı xüsusiyyətlər Avestanın "Mithra Yaşt" bölməsində aydın şəkildə görülür.[2][3]
Coğrafi yaxınlıq səbəbindən Mitra kultu Anadolu və Mesopotamiyaya rahatlıqla keçmişdir. Onsuz da Ahura Mazdanın dini təlimlərini yayan maqlar bu kultu sözügedən coğrafiyalara çoxdan daşımışdılar. Mitra Mesopotamiyada ilk olaraq Babildə qərarlaşmışdı. Burada Babilin günəş tanrısı Şamaş ilə sinkretik xarakter qazanaraq qaynayıb-qarışmışdı. Xaldeylər tərəfindən isə ona astroloji xüsusiyyətlər qazandırılmışdı. Mitra eyni zamanda Anahita ilə də sinkretizmə məruz qalmışdır.[2][3]
Anadoluya gələn maqlar yerli dinlərin buradakı zəif və passiv mövqeyindən istifadə edərək Mitra kultunu sürətlə yaymışdırlar. Onlar xüsusilə Kappadokiya və Pont regionlarında böyük nüfuz qazanmışdılar. Qarşılarına çıxan Kibela kultu da Mitra ilə sinkretik vəziyyətə gətirilmişdi. Qədim Romada isə bu kult ordudakı əsgərlər sayəsində geniş yayılmışdı, çünki Mitraizm cəsurluq, mərdlik və igidliyi təqdir edirdi. Aristokratlar arasında sıxışıb qalan və nüfuzunu itirən yerli Roma dinlərinin xalq nəzdindəki zəifliyi Mitra kultunun işini asanlaşdırmışdı. Onun günəşlə əlaqələndirilməsi Romada Sol Invictus (Məğlubedilməz Günəş) ilahı ilə eyniləşdirilməsinə səbəb olmuşdur.[4] Dekabrın 25-i həm də Mitra festivalları (günəşin yenidən doğuşu) kimi qeyd olunmağa başlamışdı. Ermənistan kralı I Trdat ilk "mitraçı" hökmdarlardan sayıldığı halda, Roma imperatoru Kommod isə ritual zamanı törətdiyi qətl ilə Mitranın müqəddəsliyini ləkələmişdi.[2][3]
İbadət forması
[redaktə | vikimətni redaktə et]Mitraizm kultunda məbəd olaraq yeraltı mağaralardan və ya süni mağara formalı tikililərdən istifadə olunurdu. Bunlara "mitreum" (mithraeum) deyilir və onlar hər kəsə açıq deyildi; daxilinə ən çox yüz nəfər sığardı. Yeddili initiasiya (skitliyə qəbul və yetkinləşmə) dərəcələri bu kult üçün də keçərli idi. Məbəd rolunu oynayan bu mağaraların divarlarında bir neçə mifoloji süjet və taurobolium (öküzün qurban kəsilməsi) təsvirlərindən başqa demək olar ki, heç bir şey tapılmamışdır.[2][3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Thieme, Paul. "The 'Aryan' Gods of the Mitanni Treaties". Journal of the American Oriental Society. 80 (4). 1960: 301–317.
- 1 2 3 4 5 Kızıl, Hayrettin. "MİTRA'DAN "MİTHRAS'IN SIRLARI"NA MİTRAİZM'İN KURULUŞ SERÜVENİ" (PDF). EKEV AKADEMİ DERGİSİ. 2013. 28 dekabr 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2017.
- 1 2 3 4 5 Kızıl, Hayrettin. "HİNT VE İRAN MİTOLOJİLERİNE GÖRE "MİTRA"". e-Şarkiyat İlmi Araştırmalar Dergisi. noyabr 2013. 28 dekabr 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2017.
- ↑ Clauss, Manfred. The Roman Cult of Mithras: The God and His Mysteries. Edinburgh University Press. 2000. ISBN 978-0748613960.
Əlavə ədəbiyyat siyahısı
[redaktə | vikimətni redaktə et]- Lahe, Jaan (2019). Mithras – Miθra – Mitra. Der römische Gott Mithras aus der Perspektive der vergleichenden Religionsgeschichte [Mithras – Miθra – Mitra. The Roman god Mithras from the perspective of comparative religious history]. Münster: Zaphon, ISBN 978-3-96327-044-4.